Vergi planlaşdırılması
Vergi planlaşdırılması müasir iqtisadi münasibətlərin ayrılmaz hissəsidir və sahibkarlıq fəaliyyətində mühüm rol oynayır. Vergi planlaşdırılmasının zərurəti müxtəlif situasiyalar üçün konkret vergi rejimlərinin mövcud olması, vergitutma bazasının hesablanması üçün müxtəlif üsullardan istifadəyə imkan yaradılması və eyni zamanda vergi ödəyicilərinə fərqli güzəştlər təklif edilməsi ilə bağlıdır. Bu, yalnız dövlətin fiskal siyasətini həyata keçirməsinə xidmət etmir, həm də sahibkarların iqtisadi maraqlarının qorunması üçün əlavə imkanlar təmin edir.
Vergi planlaşdırılmasının əsas məqsədi mövcud qanunvericilik çərçivəsində vergi ödənişlərinin minimuma endirilməsini təmin edən optimal yolun seçilməsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.3-cü maddəsinə əsasən, vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək hər bir vergi ödəyicisinin hüququdur. Lakin vergi planlaşdırılması sadəcə qanunvericiliyin müsbət və mənfi cəhətlərini öyrənməklə məhdudlaşmır. Burada əsas məsələ vergi yükünün azaldılması üçün bütün qanuni imkanlardan, həmçinin vergi planlaşdırılmasının elementlərindən səmərəli istifadə edilməsidir.
Vergi planlaşdırılması elementlərinə nələr daxildir?
Mühasibat və vergi uçotunun vəziyyəti müəssisədə uçotun düzgün təşkili, gəlir və xərclərin dəqiq qeydiyyata alınması, hesabatların şəffaf hazırlanması vergi planlaşdırılmasının əsasıdır. Uçotun düzgün aparılması həm dövlət nəzarəti, həm də şirkətin daxili idarəetməsi baxımından önəmlidir.
Uçot siyasəti: müəssisənin qəbul etdiyi uçot prinsipləri və metodları gələcək vergi öhdəliklərinin müəyyənləşdirilməsinə birbaşa təsir edir. Düzgün seçilmiş uçot siyasəti vergi yükünün minimuma endirilməsini təmin edir.
Vergi güzəştləri və müqavilələrin təşkili ilə qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən istifadə etmək və müqavilələri düzgün tərtib etmək sahibkarın vergi öhdəliklərinin optimallaşdırılmasına imkan verir. Müqavilələrdə vergitutma obyektlərinin və öhdəliklərin aydın şəkildə əks olunması sonradan yarana biləcək risklərin qarşısını alır.
Vergi nəzarəti müəssisənin fəaliyyətində dövlət orqanlarının həyata keçirdiyi yoxlamalara hazır olmaq və daxili nəzarət mexanizmlərini qurmaq vacibdir. Vergi nəzarəti həm risklərin azaldılmasına, həm də şəffaf fəaliyyətin təmin edilməsinə xidmət edir.
Vergi təqvimi bütün ödənişlərin və hesabatların vaxtında təqdim edilməsi üçün xüsusi vergi təqviminin hazırlanması, gecikmələrdən yaranan maliyyə sanksiyalarının qarşısını alır. Bu, həmçinin müəssisənin maliyyə intizamını gücləndirir.
Optimal idarəetmə strategiyası və bu strategiyanın reallaşdırılması planı müəssisənin vergi öhdəliklərini minimuma endirən idarəetmə yanaşmaları və onların mərhələli icrası vergi planlaşdırılmasının mühüm tərkib hissəsidir.
Güzəştli vergitutma rejimləri qanunla müəyyən edilmiş xüsusi rejimlərdən istifadə edərək sahibkarlar öz vergi yükünü azalda bilər. Bu rejimlərin tətbiqi isə düzgün təhlil və planlaşdırma tələb edir.
İmitasiya maliyyə modelləri müxtəlif iqtisadi və vergi ssenarilərinin modelləşdirilməsi vasitəsilə müəssisə ən optimal qərarı seçə bilir. Bu üsul risklərin idarə olunmasına və gələcəkdə yaranacaq vəziyyətlərə hazır olmağa kömək edir.
Vergi menecmentinin hesabat-analitik fəaliyyəti müəssisədə toplanmış məlumatların təhlili, vergi ödənişlərinin dinamikasının öyrənilməsi və nəticələrə əsaslanan qərarların qəbulu vergi planlaşdırılmasının davamlı effektivliyini təmin edir.
Vergi planlaşdırılması sadəcə vergi ödəmələrinin azalmasına deyil, eyni zamanda müəssisənin maliyyə sabitliyinin qorunmasına, fəaliyyətin şəffaf və qanuni əsaslarla aparılmasına xidmət edir. Bu elementlərin hər biri bütövlükdə sahibkar üçün həm risklərin azaldılmasına, həm də iqtisadi üstünlüklərin əldə edilməsinə imkan yaradır.